İsrail son 48 saat ərzində Livanda üç Hizbullah komandiri və 70-ə yaxın döyüşçünün öldürüldüyünü açıqlayıb
İsrail son 48 saat ərzində Livanda “Hizbullah”ın üç komandirinin və 70-ə yaxın döyüşçünün öldürüldüyünü açıqlayıb. “Reuters” bu barədə İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
“Livanın cənubunda İsrail Müdafiə Qüvvələri Hizbullah terror infrastrukturuna və döyüşçülərinə qarşı məhdud və məqsədyönlü reydlər keçirməyə davam edir. Son 48 saatda 70-ə yaxın terrorçu zərərsizləşdirilib”. – İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.
Bu arada İsrail Livanın cənubundakı Tir liman şəhərinin bir neçə mərkəzi bölgəsi üçün evakuasiya əmri verib.
Livan hökumətinin məlumatına görə, ən azı 1,2 milyon livanlı İsrailin hücumları nəticəsində öz yurd-yuvasından didərgin düşüb və son 24 saat ərzində 63-ü də daxil olmaqla 2530 nəfər həlak olub.