İsrail Müdafiə Qüvvələri Livandan İsrailin şimalına irimiqyaslı raket hücumu edildiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri Livandan İsrailin şimalına irimiqyaslı raket hücumu edildiyini açıqlayıb. “BBC” xəbər verir ki, Livanda fəaliyyət göstərən “Hizbullah” şiə qruplaşması hədəflərinin İsrailin sənaye və hərbi obyektləri olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, gecə boyu İsrailin şimalında hava hücumu sirenləri eşidilib.
Onların məlumatlarına görə, “Hizbullah” tərəfindən atılan 105 raketin əksəriyyəti vurulub, bəziləri yaşayış evlərinə dəyib. Eyni zamanda, İsrail Livan ərazisinə hava zərbələrini davam etdirir.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələri İsrailin şimalında və Qolan təpələrinin cənub hissəsində yaşayış məntəqələrinə yeni məhdudiyyətlər qoyub. Xüsusilə, həm açıq, həm də qapalı yerlərdə kütləvi toplantıların keçirilməsi məhdudlaşdırılıb. Məhdudiyyətlər Hayfa rayonu və onun şimalına şamil edilir.
İsrail və Hizbullah arasındakı münaqişə 2023-cü il oktyabrın 8-də Həmas döyüşçülərinin İsrailə hücumu ilə kəskinləşdi. “Hizbullah” fələstinlilərlə həmrəylik əlaməti olaraq İsrailin mövqelərinə atəş açıb.