İsrail ilə Livan arasında əldə olunmuş razılaşmaya baxmayaraq, Livanın cənubunda hücumlar davam edir
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan razılaşmaya baxmayaraq, Livanın cənubunda qarşıdurmalar davam edir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Livanın cənubundakı Mənzələ (Manzala) bölgəsində, “təhlükəsizlik zonası”nın yaxınlığında “Hizbullah” hərəkatının üzvlərindən birinə hava zərbəsi endirilib. Hərbi qurumun iddiasına əsasən, həmin şəxs İsrail ordusu üçün təhlükə yaradırdı.
CNN-in məlumatına görə, bu zərbə həftəsonu davam edən qarşıdurmaların bir hissəsidir. Halbuki cümə günü ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında yeni razılaşma imzalanmışdı.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu “təhlükəsizlik zonası”na səfər edib. O bildirib ki, “Hizbullah”dan qaynaqlanan təhlükə tam aradan qalxmayınca İsrail ordusu Livanın cənubunu tərk etməyəcək.
Məlumat üçün bildirək ki, Livan Səhiyyə Nazirliyinin son məlumatına əsasən, martın 2-dən bəri İsrailin Livana endirdiyi hücumlar nəticəsində azı 4 278 nəfər həlak olub.