İsrail havaya raketləri aşkar edən nəhəng şar buraxmağı planlaşdırır
İsrail havaya raketləri aşkar edən nəhəng şar buraxmağı planlaşdırır. Məlumatı İsrail mediası yayıb.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, nəhəng hava şarı ölkənin şimal bölgəsinə buraxılacaq və raket aşkarlayan “Sky Dew” sistemi ilə təchiz olunacaq. Onların sözlərinə görə, sistem yüksək hündürlükdə uzaq mənzilli raketləri, qanadlı raketləri və pilotsuz uçuş aparatlarını aşkar etmək qabiliyyətinə malikdir.
İsrail Aerokosmik Sənayesinin direktoru Boaz Levinin sözlərinə görə, Sky Dew sistemi təhlükənin erkən və dəqiq aşkarlanması üçün əhəmiyyətli texnoloji və əməliyyat üstünlükləri təmin edir. O, həmçinin yüksək keyfiyyətli kamera ilə təchiz olunacaq ki, bu da ətraf perimetrin müşahidə imkanlarını artıracaq.
“Sky Dew” şarı İsrail Raketdən Müdafiə Təşkilatı və ABŞ-ın Raketdən Müdafiə Agentliyi ilə birgə yaradılmışdır. Sistem son aylarda yekun sınaqdan keçirilib və hazırda ölkənin şimalında yerləşdirilməyə hazırdır.
İsrail Hərbi Hava Qüvvələrinin rəhbərinin sözlərinə görə, sistem ölkəyə daha dəqiq və daha geniş hava müşahidəsi təsvirini hazırlamağa imkan verəcək.