İsrail baş nazirinin ofisi Qəzzada atəşkəslə bağlı razılaşmanın qüvvəyə mindiyini açıqlayıb
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Atəşkəs yerli vaxtla saat 11:15-də qüvvəyə minib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi, İsrailin Həmas tərəfindən azad ediləcək girovların siyahısını alana qədər yanğının dayanmayacağını bildirdiyi üçün proses təxminən üç saat gecikdi.
Daha sonra verdiyi açıqlamada HƏMAS siyahının təqdim edilməsinin gecikməsini texniki səbəblərlə izah edib. İsrail tərəfinin açıqladığı siyahıya əsasən, atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad ediləcək israilli girovlar arasında oktyabrın 7-də girov götürülən ən gənc və ən yaşlı girovlar da var.
Razılaşmaya əsasən, birinci mərhələdə Qəzzada HƏMAS-ın saxladığı 33 israilli girov yüzlərlə fələstinli məhbusla dəyişdiriləcək. Bu mərhələ altı həftə davam edəcək. İsrail qüvvələri də Qəzzanın sıx məskunlaşdığı əraziləri tərk edəcək, məcburi köçkün fələstinlilərin öz evlərinə qayıtmağa başlamasına icazə veriləcək və humanitar yardımları çatdırmaq üçün hər gün yüzlərlə yük maşını Qəzzaya daxil olacaq; İkinci mərhələ qalan girovların azad edilməsini, İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını və “davamlı sülhün bərpasını” əhatə edən danışıqları əhatə edəcək. Bu mərhələ 16-cı gündə başlayacaq; Üçüncü və son mərhələ Qəzzanın illər çəkə biləcək yenidən qurulmasını və qalan girovların cəsədlərinin qaytarılmasını nəzərdə tutur.
İsrail atəşkəsin ilk günündə üç girovun azad ediləcəyini, kiçik qrupların isə növbəti altı həftə ərzində müəyyən fasilələrlə azad ediləcəyini bildirir.