İspaniyada Ukrayna üçün döyüş sursatı istehsal edən zavodda partlayış baş verib
İspaniyanın Qranada şəhəri yaxınlığında, döyüş sursatı zavodunda partlayış baş verib. Partlayış nəticəsində üç nəfər yüngül xəsarət alıb.
Medianın məlumatına görə, partlayış barıt sexində baş verib. Fövqəladə hallar xidmətinin əməkdaşları zavodun ərazisindədirlər.
“ABC”nin yazdığına görə, təxminən 300 nəfərin çalışdığı zavod günün sonunadək bağlı olacaq. O, Slovakiyanın “MSM Group” şirkətinə məxsusdur və fəaliyyəti məxfidir.
Əməkdaşlar hər gün təhlükəsizlik yoxlanışından keçirlər və onların əraziyə mobil telefon gətirmələri qadağandır.
Ukraynada müharibə başladıqdan sonra sözügedən şirkət əsasən Ukraynaya tədarük edilmək üçün müxtəlif kalibrli döyüş sursatları və raket komponentlərinin istehsalına keçib.