İspaniyada güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində azı 13 nəfər ölüb

13:20, 30.10.2024

İspaniyanın cənub-şərqində güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində azı 13 nəfər ölüb.

Valensiya bölgəsinin rəhbəri Karlos Mazos bildirir ki, indiki mərhələdə qurbanların dəqiq sayını demək mümkün deyil, çünki təbii fəlakətdən zərər çəkmiş bölgədə xilasetmə əməliyyatı aparılır.

Sel körpüləri və avtomobilləri aparıb, təcili yardım xidmətləri itkin düşənləri axtarmaq üçün dronlardan istifadə edir. Xilasedicilər bəzi ərazilərə çata bilmir.

Yerli medianin məlumatına görə, Valensiyada onlarla insan gecəni yük maşınlarında və minik avtomobillərində, eləcə də damlarda, kömək gözləyərək keçirib.

Ən yüksək, qırmızı həyəcan səviyyəsi Valensiyada, ikinci səviyyəli xəbərdarlıq isə Əndəlüs hissəsində qüvvədədir.

Daşqın nəqliyyatın hərəkətini çətinləşdirib. Valensiya bölgəsində dəmir yolu hərəkəti dayandırılıb, 10 reys təxirə salınıb, 12 reys başqa şəhərə yönləndirilib.

Valensiya meriyasının məlumatına görə, bu gün şəhərdə tədris prosesi dayandırılıb, idman tədbirləri ləğv edilib.

İspaniyanın Baş naziri Pedro Sançes vətəndaşları səlahiyyətlilərin tövsiyələrinə əməl etməyə və xüsusi zərurət olmadan səyahətdən çəkinməyə çağırır.

Oxşar