“İsani” metrostansiyasının yaxınlığındakı nəqliyyat qovşağında aparılan bərpa işləri yekunlaşıb
“İsani” metrostansiyası yaxınlığındakı tıxaclı yol qovşağı bərpa edilib. Bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, həyata keçirilən işlər yolun ötürmə qabiliyyətini xeyli artıracaq.
“Paytaxtda nəqliyyatın hərəkətini yaxşılaşdırmaq və rahatlaşdırmaq üçün müxtəlif ərazilərdə müəyyən edilmiş tıxaclı yol qovşaqları yenidən qurulur. Sözügedən hissədə yol adaları salınıb, piyada səkiləri və bordyor abadlaşdırılıb, asfalt örtüyü dəyişdirilib, yol örtüyü çəkilib və işıqforlar quraşdırılıb, dayanacaqlara dəmir-beton örtük döşənib. Hazırda qeyd olunan kəsişmədən keçən 35 ictimai nəqliyyat marşrutu gündə 130 min sərnişinə xidmət göstərir” – Kaxa Kaladze bildirib.