İranın ruhani lideri Ayətullah Əli Xamenei ölkədə beş günlük matəm elan edib
İranın ruhani lideri Ayətullah Əli Xamenei ölkədə beş günlük matəm elan edib

 
İranın ruhani lideri Ayətullah Əli Xamenei ölkədə beş günlük matəm elan edib. Bu barədə “Guardian” məlumat yayır.

“Beş günlük ümumxalq matəmi elan etdim, əziz İran xalqına başsağlığı verirəm”-Xamenei bildirib.

Növbəti 50 gün ərzində ölkə prezidentinin səlahiyyətlərini vitse-prezident Məhəmməd Möhbər icra edəcək. Ehtimal ki, 50 gündən sonra isə ölkədə prezident seçkiləri keçiriləcək.

İran mediası bir neçə saat bundan əvvəl prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olmasını təsdiqləyib. Axtarış-xilasetmə işləri gecə boyu davam edirdi. Mediada yayılmış məlumata əsasən, Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən qayıdırmış və şimal-qərbdə yerləşən Təbriz şəhərinə gedirmiş. Bundan əvvəl İran və Azərbaycan prezidentləri bəndin açılış mərasimində iştirak ediblər. Helikopterdə prezidentdən başqa, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla 8 nəfər olub.