İranın xarici işlər naziri Livanda peycer partlayışlarını terror aktı adlandırıb
İranın xarici işlər naziri Abbas Əraqçi livanlı həmkarı ilə telefon danışığı zamanı Livanda peycer partladılması faktını pisləyib. Bu barədə İranın dövlət mediası məlumat yayıb.
Medianın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi hadisəni “terror aktı” adlandırıb.
Geniş yayılmış məlumatlara görə, İranın Livandakı səfiri Müctəba Əmani partlayış nəticəsində yüngül xəsarət alıb. Hazırda o, xəstəxanada müşahidə altındadır.
İranın xarici işlər naziri həmkarına səfirə təcili tibbi yardım göstərdiyinə görə təşəkkür edib.
Məlumat üçün bildirək ki, Livanda baş verən partlayışlar nəticəsində qurbanların sayı 9-a çatıb, 2800 nəfər yaralanıb. Partlayışlar nəticəsində Suriyada da 7 nəfər həlak olub. Livanın “Hizbullah” şiə qrupu genişmiqyaslı peycer partlayışlarında İsraili günahlandırır və qisas almaqla hədələyir.