İrakli Şotadze və Rati Breqadze ABŞ-ın baş prokuroru Merrik Qarland ilə görüşüb
ABŞ-a rəsmi səfəri çərçivəsində Gürcüstanın baş prokuroru İrakli Şotadze və ədliyyə naziri Rati Breqadze ABŞ-ın baş prokuroru Merrik Qarland və baş prokurorun müavini Brius Şvarts ilə görüşüblər. Məlumatı prokurorluq yayır.
“Görüşdə Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani, baş prokurorun müavini Natia Merebaşvili, prokurorluğun beynəlxalq əlaqələr və hüquqi təminat departamentinin rəhbəri İrakli Çilinqaraşvili, ədliyyə nazirinin müavini Beka Dzamaşvili və ədliyyə dövlət departamentinin hüquq müşaviri Lena Ovens iştirak ediblər.
Görüşdə tərəflər iki dövlət arasında cinayət hüququ sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. İrakli Şotadze amerikalı həmkarına Gürcüstan Prokurorluğunun islahatları və inkişafı prosesində Amerika Birləşmiş Ştatlarının müvafiq qurumlarının göstərdiyi töhfə və köməyə görə təşəkkür edib.
ABŞ-ın baş prokuroru öz növbəsində cinayətkarlıqla mübarizə, o cümlədən transmilli mütəşəkkil cinayətlərin təhqiqatı istiqamətində ABŞ və Gürcüstanın səlahiyyətli qurumlarının birgə səylərinin səmərəliliyini vurğulayıb.
Görüşün sonunda tərəflər gələcəkdə də fəal əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, – deyə qurumun məlumatında bildirilib.
Müəllif -
Mehemmed Bayramaliyev