İrakli Şotadze prokurorluğun 2023-cü ildə gördüyü işləri yekunlaşdırıb və uğurlu əməkdaşları mükafatlandırıb
İrakli Şotadze prokurorluğun 2023-cü ildə gördüyü işləri yekunlaşdırıb və uğurlu əməkdaşları mükafatlandırıb

 
Gürcüstanın baş prokuroru İrakli Şotadze prokurorluğun əməkdaşları ilə keçirilən görüşündə Gürcüstan Prokurorluğunun 2023-cü ildə gördüyü işləri yekunlaşdırıb və uğurlu əməkdaşları mükafatlandırıb.

Prokurorluğun yaydığı məlumata əsasən, baş prokuror Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi münasibətilə əməkdaşları təbrik edib, namizəd statusunun verilməsində qurumun rolunu vurğulayıb və prokurorluğun hər bir əməkdaşına gördüyü işlərə görə təşəkkür edib.

İrakli Şotadze prokurorluğun uğurlu əməkdaşlarını növbədənkənar rütbələr və təşəkkürnamələrlə təltif edib. Baş prokurorun daimi məşvərət orqanı – Karyeranın idarəedilməsi, Etika və Təşviqat Şurası 2023-cü ilin ən yaxşı prokuroru kimi Ziniko Kobalianı , ən yaxşı müstəntiq kimi Zurab Samxaradzeni, ilin ən yaxşı struktur bölməsi olaraq Vake-Saburtalo rayon prokurorluğunu və ilin ən işlək rayon prokurorluğu olaraq Xaşuri prokurorluğunu müəyyən edib.

Sameqrelo-Zemo Svaneti Dairə Prokurorluğu ədalət mühakiməsinin sürətli və səmərəli həyata keçirilməsinə görə müvafiq sənədlə təltif edilib. Həmçinin, prokurorluğun beş əməkdaşı – Nuqzar Maxatadze, Manana Piranişvili, Madona Uruşadze, Nana Xuncua və İrakli Çilinqaraşvili öz vəzifələrini vicdanla və müstəsna yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə Gürcüstan Prokurorluğunun fəxri işçisi adına layiq görülüblər. Görüşün sonunda İrakli Şotadze gələcək planlardan danışıb, əməkdaşlara uğurlu il arzulayıb.