İrakli Qaribaşvili İlham Əliyevlə görüşüb
İrakli Qaribaşvili İlham Əliyevlə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində baş tutan təkbətək görüşdə iki ölkə arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub.

“Müzakirə olunan məsələlər arasında enerji, nəqliyyat və logistika sahələrində ölkələr arasında mövcud əməkdaşlıq da olub. Baş nazir qeyd edib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir, o, hər il ilk beşliyə daxil olur və 2023-cü ildə isə ölkələr arasında ticarət dövriyyəsi 15% artacaq. Ölkələr arasında yükdaşımaların həcmi də artıb.

Tərəflər dəmir yollarının modernləşdirilməsini, limanların genişləndirilməsi və tikintisini, yolların inkişafını və modernləşdirilməsini nəzərdə tutan bu dəhlizin sürətlə inkişaf etdirilməsi üçün Gürcüstan və Azərbaycan Respublikasının Qazaxıstan Respublikası ilə razılaşdıraraq üzərində işlədiyi “Orta Dəhliz”in inkişaf perspektivlərini nəzərdən keçiriblər. Bildirilib ki, Azərbaycan və Gürcüstan bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb, Gürcüstanda 2024-cü ilin sonunadək başa çatdırılacaq və dəmir yolunun ötürücülük qabiliyyəti iki dəfə artırılacaq dəmir yolunun modernləşdirilməsi layihəsi fəal şəkildə davam etdirilir. Yaxın vaxtlarda irimiqyaslı Anaklia limanının tikintisinə də başlanılacaq, onun tutumu 100 milyon ton olacaq. Bununla yanaşı, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də yaxın vaxtlarda başa çatdırılacaqdır. Gürcüstan Azərbaycanla bütün layihələrdə fəal əməkdaşlıq edir. Hökumət başçısı tarixi və strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də uğurla davam etdirildiyini və bir neçə ay ərzində başa çatdırılacağını vurğulayıb.

İrakli Qaribaşvili və İlham Əliyev regionda və dünyada təhlükəsizlik mühiti və çətinlikləri da müzakirə ediblər. Hökumət başçısı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib. O ümid etdiyini bildirib ki, tezliklə Ermənistan Respublikası ilə Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına və regionun hər üç ölkəsinə firavanlıq gətirəcək sülh sazişi imzalanacaq.

İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda uzunmüddətli sülh və sabitliyin təşviqinə töhfə verməyə hər zaman hazırdır”, – Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti bildirib.