İrakli Qaribaşvili - biz Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlığa malik olmaq istəyirik, aydın perspektivimiz, uzaqgörən baxışımız var, mən birgə baxış bucağımıza inanıram
İlham Əliyev ilə görüşdə biz ticarət və iqtisadiyyat məsələlərindən danışdıq, enerji, nəqliyyat, logistika məsələlərini müzakirə etdik, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir, o, hər il ilk beşliyə düşür. Bu il ticarət dövriyyəsi 15 faiz artıb, ötən il də rekord il oldu, – Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə deyib.
Qaribaşvilinin sözlərinə əsasən, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını davam etdirir.
“Yük daşımalarının həcmi artıb. Ümumiyyətlə, biz enerji, nəqliyyat, logistika və ya hər hansı digər sahədə, bütün məsələlərdə çox uğurla əməkdaşlıq edirik. Dəmir yollarımızın da çox uğurlu əməkdaşlığı var. Həmçinin, biz Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirdik, dəmir yollarının modernləşdirilməsini, limanların genişləndirilməsini və tikintisini, avtomobil yollarının modernləşdirilməsini nəzərdə tutan bu dəhlizin inkişafının sürətləndirilməsi üçün Azərbaycan və Qazaxıstanla koordinasiyada işləyirik. Bununla bağlı Azərbaycan genişmiqyaslı işlərə başlayıb, Gürcüstanda da biz dəmir yollarının modernləşdirilməsi ilə bağlı işlərə başlamışıq, bu işlər 2024-cü ilin sonuna qədər başa çatdırılacaq və dəmir yolunun daşıma həcmi artacaq, ikiyə qatlanacaq”, – Qaribaşvili bildirib.
Bundan əlavə, İlham Əliyevlə birgə keçirdiyi brifinqdə İrakli Qaribaşvili Azərbaycanla birgə layihələrdən danışıb.
“Biz həmçinin yeni limanın, Anaklia Limanının tikintisinə başlayırıq, son mərhələ başa çatdıqdan sonra limanın tutumu 100 milyon ton olacaq. Həmçinin Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də çox yaxında başa çatacaq. Biz bütün bu layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. Bundan əlavə, bir neçə aydan sonra tarixi, strateji əhəmiyyətə malik layihə, uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi başa çatacaq. Bizim çox aydın perspektivimiz var, uzaqgörən baxışımız var. Biz Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlıq və dostluq münasibətləri qurmaq istəyirik. Mən bizim birgə baxışımıza inanıram”, – Qaribaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev