İrakli Kovzanadze - Rusiya-Ukrayna müharibəsinə baxmayaraq, maliyyə sektoru sabitdir və bu çağırışa adekvat cavab verir
Gürcüstan parlamentinin maliyyə- büdcə komitəsinin sədri İrakli Kovzanadze Gürcüstan Banklar Assosiasiyasının prezidenti Aleksandre Dzneladze və icraçı direktor Qiorqi Baqrationi ilə görüşüb.
İşgüzar görüşdə, həm bank, həm də ümumilikdə maliyyə sahəsindəki mövcud vəziyyət müzakirə edilib.
Makroiqtisadi və monetar sabitlik, inflyasiya, larinin məzənnəsi, maliyyə sisteminin sabitliyi və beynəlxalq sanksiyaların tətbiqi məsələləri müzakirə olunub.
İrakli Kovzanadzenin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinə baxmayaraq, maliyyə sektoru sabitdir və bu çağırışa adekvat cavab verir.
“Maliyyə-büdcə komitəsi maliyyə-bank sektorunu daha da dayanıqlı edəcək bütün təşəbbüsləri dəstəkləməyə və müzakirə etməyə hazırdır”- deyə komitə sədri bildirib.
Banklar Assosiasiyasının prezidenti əməkdaşlığa görə maliyyə-büdcə komitəsinin sədrinə təşəkkür edib və yeni qanunvericilik təşəbbüslərinin müzakirəsində daha fəal iştirak etməyə hazır olduğunu bildirib. Tərəflər belə görüşlərin gələcəkdə də davam etdirilməsi ilə bağlı razılaşıblar.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.