İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenovla görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüş keçirib.
İrakli Kobaxidze bildirib ki, strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır və bu, siyasi və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Görüşdə qeyd olunub ki, rəsmi səfər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığa dair imzalanmış memorandumlar sektoral əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Kobaxidze vurğulayıb ki, Qazaxıstana səfər xüsusi əhəmiyyət daşıyır, çünki tərəflər strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Onun sözlərinə görə, sənəd ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq.
Baş nazir Qazaxıstanın iqtisadi inkişafını, regional və qlobal müstəvidə mövqelərinin möhkəmlənməsini yüksək qiymətləndirərək, bu ölkənin Gürcüstan üçün mühüm tərəfdaş olduğunu bildirib. O, həmçinin Qazaxıstanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də beynəlxalq platformalarda əməkdaşlığa görə təşəkkür edib.
Öz növbəsində Oljas Bektenov İrakli Kobaxidzeni Qazaxıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. O bildirib ki, Qazaxıstan Gürcüstanı Cənubi Qafqazda etibarlı dost və mühüm strateji tərəfdaş hesab edir.
Bektenov Gürcüstanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz hövzəsi və Avropanı birləşdirən regional nəqliyyat-logistika mərkəzi kimi artan rolunu yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, ticarət və investisiya əməkdaşlığı ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olaraq qalır.
Qazaxıstanın Baş naziri bildirib ki, cari ilin ilk dörd ayında iki ölkə arasında ticarət dövriyyəsi 53 milyon ABŞ dollarına çatıb. Son 20 ildə Qazaxıstandan Gürcüstana yatırılan investisiyalar isə 570 milyon ABŞ dollarını ötüb. Hazırda Qazaxıstanda Gürcüstan kapitallı 600-dən çox şirkət fəaliyyət göstərir.
Bektenov investisiya fəallığının artırılması məqsədilə hökumətlərarası komissiyaya yeni birgə layihələrin hazırlanmasını və sənaye əməkdaşlığının genişləndirilməsini təklif edib. Prioritet sahələr kimi ərzaq emalı, neft-kimya, nəqliyyat xidmətləri, emal sənayesi, tikinti materiallarının istehsalı və logistika göstərilib.
Geniş tərkibdə keçirilən görüşdə hər iki ölkənin hökumət üzvləri iştirak ediblər. Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.