İrakli Kobaxidze: Gənclik ölkəmizin gələcəyidir, hakim partiya ilə gənclər arasında sıx münasibətin olması çox vacibdir

11:39, 30.06.2026

İrakli Kobaxidze: “Gənclik ölkəmizin gələcəyidir”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanda jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı “Gürcü Arzusu”nun Gənclər Təşkilatının yekun konfransı və regionlarda keçirilən görüşlərlə bağlı suala cavab verib.

“Bu görüşlər bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki gənclik ölkəmizin gələcəyidir. Onlar gələcəkdə bu ölkənin idarəçiliyini öz üzərlərinə götürməlidirlər. Buna görə də hakimiyyətlə gənclər, hakim partiya ilə gənclər arasında sıx münasibətlərin və dialoqun olması çox vacibdir. O cümlədən onların problemlərlə bağlı məlumatlarının dinlənilməsi, məsələlərin qaldırılması və bütün bunların paylaşılması mühüm əhəmiyyət kəsb edir.

Məhz buna bütün ölkə üzrə keçirilən həmin görüşlər həsr olunmuşdu. Görüşlər çox maraqlı keçdi, gənclər tərəfindən çoxlu məsələlər qaldırıldı və ən əsası, bu proses davam etməlidir. Əsas məsələ prosesin davam etdirilməsi, gənclərlə çox sıx kommunikasiya və münasibətlərin qorunmasıdır ki, onlardan daha çox eşidək və qaldırdıqları məsələləri mümkün qədər nəzərə alaq”, – deyə Kobaxidze bildirib.

Oxşar