İrakli Kobaxidze- "Toplaşmaq və nümayişlər haqqında" qanun prezidentə göndərilməyəcək və onun imzası olmadan qüvvəyə minəcək
“Toplaşmaq və nümayişlər haqqında” qanun prezidentə göndərilməyəcək və onun imzası olmadan qüvvəyə minəcək-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “İmedi” televiziyasına açıqlayıb.
“Toplaşmaq haqqında qanuna dəyişiklikləri imzası üçün prezidentə göndərməmək qərarını verdik, çünki parlament bu qanunu Gürcüstan Konstitusiyasının 45-46-cı maddələri əsasında deyil, 36-cı maddəsi əsasında qəbul edib. Müvafiq olaraq, qanun prezidentin imzası olmadan dərhal qüvvəyə minəcək” – Kobaxidze deyib.
“Toplaşmaq və nümayişlər haqqında” qanun layihəsini parlament dünən təsdiqləyib. Dəyişikliklərə əsasən, toplaşma və nümayiş iştirakçılarına müvəqqəti konstruksiyalar qurmaq qadağandır, əgər onların təşkili: toplaşma və ya nümayiş iştirakçıları və ya digər şəxslər üçün təhlükə yaratdıqda; ictimai asayişin və təhlükəsizliyin polis tərəfindən qorunmasına mane olduqda; müəssisənin, idarənin və ya təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olduqda; toplaşmaq, nümayiş keçirməklə əlaqəsi olmadıqda.