İrakli Kobaxidze Strasburqda Avropa Şurasının baş katibi ilə görüşüb
İrakli Kobaxidze Strasburqda Avropa Şurasının baş katibi ilə görüşüb

 

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Strasburqda Avropa Şurasının baş katibi Maria Buriç ilə görüşüb.

Bəhsi keçən görüşdə hakim partiyanın rəhbəri ilə yanaşı, nümayəndə heyətinin rəhbəri İrakli Çikovani və Gürcüstanın Avropa Şurasındakı səfiri Tamar Taliaşvili də iştirak ediblər.

“Gürcü Arzusu”nun mətbuat xidmətindən bildirildiyi kimi, Avropa Şurasının baş katibi görüşdə aktiv fəaliyyətə görə Gürcüstan nümayəndə heyətinə təşəkkür edib.

Verilən məlumatda görüşdə Avropa Şurasının Gürcüstana dəstəyinin vacibliyinə toxunulduğu deyilir. Maria Buriç Gürcüstanın islahatlar istiqamətində mühüm irəliləyişi olduğunu vurğulayıb və 12 bəndlik planın həyata keçirilməsi prosesində Avropa Şurasının Gürcüstanı tam dəstəklədiyini qeyd edib.

Görüşdə İrakli Kobaxidze və Maria Buriç regiondakı siyasi vəziyyəti müzakirə ediblər.