İrakli Kobaxidze rəsmi səfərlə Tacikistana yola düşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Tacikistan Respublikasına yola düşüb.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Düşənbə Beynəlxalq Hava Limanında hökumət başçısının qarşılanma mərasimi keçiriləcək. İrakli Kobaxidzeni Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzoda qarşılayacaq.
Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş nazirinin tacik həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Gürcüstan hökumətinin başçısını Prezident Sarayında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon qəbul edəcək. Görüşdən sonra liderlər media nümayəndələri üçün birgə bəyanatlarla çıxış edəcəklər.
Səfər proqramına, həmçinin Baş nazirin Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşü də daxildir.
İrakli Kobaxidze Tacikistana nümayəndə heyəti ilə birlikdə yola düşüb. Nümayəndə heyətinə Baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonğulaşvili, təhsil, elm və gənclər naziri Givi Mikanadze, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.