İrakli Kobaxidze- Ölkəmiz çağırışlarla üz-üzədir, bizə başladılmış layihələri başa çatdırmaq, təhlükəsizlik, xarici siyasət mövqelərini daha da gücləndirmək lazımdır
Bizə iqtisadiyyatın sürətli inkişafı, başladılmış irimiqyaslı infrastruktur layihələrini başa çatdırmaq, təhlükəsizliyin daha da gücləndirilməsi lazımdır- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb.
O, maksimum nəticə əldə etmək üçün hökumətin fəaliyyətinin olduqca möhkəm prinsiplərə əsaslanmasının zəruri olduğunu bildirib.
“Ümumiyyətlə, ölkəmiz çağırışlarla üz-üzədir. Bizə iqtisadiyyatın sürətli inkişafı, başladılmış irimiqyaslı infrastruktur layihələrini başa çatdırmaq, ölkənin müdafiə qabiliyyətinin, təhlükəsizliyinin daha da gücləndirilməsi, eləcə də təhsilin, səhiyyənin, sosial sistemlərin gücləndirilməsi, mədəniyyətə, idmana, gənclərə qayğı lazımdır. Təbii ki, ölkəmizin xarici siyasi mövqelərini daha da gücləndirmək lazımdır. Maksimum nəticə əldə etmək üçün bizim fəaliyyətimiz, hökumətin fəaliyyəti olduqca möhkəm prinsiplərə əsaslanmalıdır. İlk növbədə hesab edirəm ki, Gürcüstan hökuməti şəffaflıq və hesabatlılıq baxımından hamıya nümunə olmalıdır. Bizim hər bir qərarımız vətəndaşlar üçün maksimal şəkildə açıq olmalıdır və biz bunu bütün digər dövlət qurumlarından tələb edəcəyik. Eyni zamanda, gördüyümüz işlərin keyfiyyətinin yüksəldilməsinin daim qayğısına qalmalıyıq. Xətaları minimuma endirmək üçün bütün müvafiq keyfiyyətə nəzarət mexanizmlərini gücləndirməliyik”- İrakli Kobaxidze açıqlayıb.