İrakli Kobaxidze Milli Demokratiya İnstitutunun Gürcüstan ofisinin direktoru və NDI monitorinq missiyasının nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze Milli Demokratiya İnstitutunun Gürcüstan ofisinin direktoru və NDI monitorinq missiyasının nümayəndələri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milli Demokratiya İnstitutunun (MDİ) Gürcüstan ofisinin direktoru Alan Qilami və NDİ-nin seçki müşahidə missiyasının nümayəndələri ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas mövzuları cari ildə keçiriləcək parlament seçkiləri və seçkiqabağı mühit olub. Yeni seçki qanunvericiliyinə diqqət yetirilib.

“Baş nazir qeyd edib ki, tarixdə ilk dəfə seçicilərin 90 faizindən çoxu elektron texnologiyalardan istifadə etməklə qeydiyyatdan keçərək səs verəcək və seçkilərin nəticələri eyni üsulla hesablanacaq. Müvafiq olaraq, seçki prosesində qüsurlar minimuma endiriləcək ki, bu da seçkilərin yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Söhbətdə beynəlxalq monitorinq missiyalarının roluna və ölkədəki mövcud siyasi vəziyyətə də toxunulub. İrakli Kobaxidze bildirib ki, bu dəfə azad və ədalətli seçkilər, həmçinin seçki prosesinin maksimum şəffaflığı təmin olunacaq. Bu məqsədlə seçkiləri müşahidə etmək üçün nüfuzlu beynəlxalq təşkilatların həm qısamüddətli, həm də uzunmüddətli missiyaları dəvət olunur.

Hökumət başçısı seçki kampaniyasının dinc şəraitdə keçirilməsi üçün ölkədə siyasi qütbləşmənin azaldılmasına hökumətin mümkün qədər töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib”, – baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda deyilib.