İrakli Kobaxidze Kutaisidə 720 köçkün ailəsinin mənzil alacağı yaşayış kompleksinin tikintisinə baxıb
İrakli Kobaxidze Kutaisidə 720 köçkün ailəsinin mənzil alacağı yaşayış kompleksinin tikintisinə baxıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Mixeil Sarjveladze ilə birlikdə Kutaisidə məcburi köçkünlər üçün nəzərdə tutulmuş, 720 məcburi köçkün ailəsinin mənzil alacağı yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Nikiya küçəsində 3 12 mərtəbəli bina tikilib. Tikinti büdcəsi 77 347 872 laridir. Yaxın vaxtlarda yeni tikilən binalarda məcburi köçkün ailələrinə tam təmirli mənzillər veriləcək.

Hökumət başçısı cari infrastruktur işləri ilə tanış olub. Yaşayış kompleksinin həyətində stadion, uşaq meydançası və məşq meydançası təşkil edilir. Tikinti və təmir işlərini “Anagi” şirkəti həyata keçirir.

Məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə Gürcüstanın 5 şəhərində – Tbilisi, Borjomi, Rustavi, Kutaisi və Zuqdididə yaşayış binalarının tikintisi davam etdirilir. Ümumilikdə 13 min köçkün ailəsi yaşayış sahəsi alacaq.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.