İrakli Kobaxidze - "Gürcü Arzusu" 2024-cü ildən elektron avadanlıqdan istifadə etməklə seçicilərin qeydiyyata alınması və səsvermə prosedurunun geniş tətbiq edilməsi qərarını alıb
İrakli Kobaxidze - "Gürcü Arzusu" 2024-cü ildən elektron avadanlıqdan istifadə etməklə seçicilərin qeydiyyata alınması və səsvermə prosedurunun geniş tətbiq edilməsi qərarını alıb

 
“Gürcü Arzusu”nun siyasi komandası 2024-cü ildən elektron avadanlıqdan istifadə etməklə seçicilərin qeydiyyata alınması və səsvermə prosedurunun geniş tətbiq edilməsi barədə müzakirə apararaq qərar qəbul edib-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə bildirib.

Kobaxidze hakimiyyətin Avropa İttifaqının müəyyən etdiyi 12 bəndlik planın həyata keçirilməsi üzərində fəal işlədiyini, bəndlərdən birinin “Gürcüstan Seçki Məcəlləsi”nə yenidən baxılması ilə bağlı olduğunu bildirib.

“Müvafiq islahatın həyata keçirilməsi üçün Gürcüstan parlamentində Qivi Mikanadzenin rəhbərliyi ilə işçi qrup yaradılıb. Yaxın vaxtlarda işçi qrup tərəfindən qanun layihələri paketi hazırlanacaq ki, bu da mahiyyətcə ATƏT/DTİHB-nin tövsiyələrinə və siyasi partiyaların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə işçi qrupunda müzakirə olunan mövzulara əsaslanacaq.
İşçi qrupunda təqdim olunan təkliflərin bir hissəsi seçki prosesində elektron texnologiyaların geniş tətbiqi ilə bağlı olub. Bununla bağlı “Gürcü Arzusu”nun siyasi komandası 2024-cü ildən elektron avadanlıqdan istifadə etməklə seçicilərin qeydiyyata alınması və səsvermə prosedurunun geniş tətbiq edilməsi barədə müzakirə apararaq qərar qəbul edib.

Ötən il Tbilisinin Krtsanisi rayonunda səsvermə proseduru tam elektron avadanlıqdan istifadə edilməklə həyata keçirilib. Bu il elektron avadanlıqların tətbiqi ilə Batumi munisipalitetinin səkkiz seçki məntəqəsində Sakrebulonun aralıq seçkiləri keçirilib. Müasir texnologiyalarla seçicilərin qeydiyyatı və səsverməsinin uğurlu təcrübəsi bizə bu təşəbbüsü 2024-cü ildən geniş miqyasda həyata keçirməyə imkan verir.

Belə ki, bizim qərarımıza əsasən, seçicilərin azı 70 faizini əhatə edən bütün şəhərlər və iri yaşayış məntəqələri də daxil olmaqla, seçki məntəqələrinin əksəriyyətində seçicilərin qeydiyyatı və səsverməsi elektron avadanlıqdan istifadə edilməklə həyata keçiriləcək” – deyə Kobaxidze bildirib.

İrakli Kobaxidze təşəbbüsə yaxın günlərdə qanun layihəsi forması veriləcəyini bildirib.

“Elektron səsvermə nəhayət, ictimaiyyətin səslərin hesablanması prosesinə inamını gücləndirəcək, seçki prosesində tarazlığın pozulması problemini aradan qaldıracaq və dırnaq arası “seçki karuselləri” spekulyasiyalarına həmişəlik son qoyacaq, səsvermə prosesi başa çatdıqdan sonra bir neçə dəqiqə ərzində seçicilərin 70 faizindən çoxunun səslərinin hesablanmasını və nəticələrin dərc olunmasını təmin edəcək, həmçinin “exit-poll” və səslərin paralel hesablanması (dırnaq arası “pivit”) ilə bağlı problemləri aradan qaldıracaq.

Müvafiq olaraq, bugünkü qərarımız seçki islahatının ən mühüm tərkib hissələrindən biri olacaq ki, bu da seçkilərin nəticələri ətrafında manipulyasiya problemini minimuma endirəcək.

Bizim təşəbbüsümüz yaxın bir neçə gün ərzində qanun layihəsi şəklini alacaq, bundan sonra Gürcüstan hökuməti, MSK və sahə ekspertləri ilə məsləhətləşmələr əsasında seçki məntəqələrinin səsvermə avadanlığı ilə təchiz olunması üçün praktiki addımlar atılacaq”- deyə İrakli Kobaxidze bildirib.