İrakli Kobaxidze, “Ferrari Tbilisi”nin ilk rəsmi sərgi salonunun açılış mərasimində iştirak edib

22:41, 19.12.2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi meri Kaxa Kaladze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə birlikdə “Ferrari Tbilisi”nin ilk rəsmi sərgi salonunun açılış mərasimində iştirak edib.

Gürcüstan hökumətinin məlumatına görə, Baş nazir avtomobil dünyasının flaqmanının Gürcüstana gəlməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu, Gürcüstanda mövcud sabit, cəlbedici biznes mühitinin daha bir təsdiqidir.

“Yəqin ki, 15-20 il əvvəl kimsə desəydi ki, Gürcüstanda “Ferrari” mərkəzi açılacaq, heç kəs buna inanmazdı, lakin bu gün bu gerçəkləşmiş faktdır. Hər kəsi bu gün münasibəti ilə təbrik edirəm. Bu, ölkənin inkişaf etdiyinin və iqtisadiyyatının irəlilədiyinin əlamətidir. Biz fəxr edirik ki, investisiyalar və iqtisadi fəaliyyət üçün əlverişli mühitə malikik və bunun ifadəsi bugünkü gündür – yəni, „Ferrari“nin Gürcüstana gəlməsidir. „Ferrari“ avtomobil sənayesinin flaqmanıdır, əsl liderdir, İtaliya keyfiyyətinin etalonudur. Biz fəxr edirik ki, „Ferrari“ bu gün ölkəmizdədir”, – İrakli Kobaxidze bildirib.

Baş nazir “Ferrari”nin Avropa və Afrika üzrə prezidenti Reno de Poliyə və “Nazar Holding”in təsisçisi Əli Nazarə xüsusi təşəkkürünü bildirib və onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən qonaqlara Tbilisi meri Kaxa Kaladze, “Nazar Holding”in təsisçisi Əli Nazar, “Ferrari”nin Avropa və Afrika üzrə prezidenti Reno de Poli və “Ferrari Tbilisi”nin baş meneceri Tamar Saxeişvili müraciət ediblər.

Tədbirdə Gürcüstan hökumətinin və parlamentinin üzvləri, biznes nümayəndələri iştirak ediblər.

 

Oxşar