İrakli Kobaxidze - Çinlə strateji tərəfdaşlığın qurulması baş nazir Ğaribaşvilinin xarici siyasət sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir
Çinlə strateji tərəfdaşlığın qurulması baş nazir Ğaribaşvilinin xarici siyasət sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə jurnalistlərə açıqlayıb.
O, bunun baş nazirin ən mühüm səfəri olduğunu bildirib.
“Strateji tərəfdaşlıq müxtəlif nöqteyi-nəzərdən, təbii ki, siyasi baxımdan, eləcə də iqtisadi baxımdan vacibdir. Bu tərəfdaşlıqdan irəli gələ biləcək bütün resurslardan istifadə etmək mühümdür. Təbii ki, strateji tərəfdaşlığın düzgün həyata keçirilməsi üçün bütün addımlar atılacaq”- deyə Kobaxidze qeyd edib.
Bununla yanaşı, İrakli Kobaxidze Çin Xalq Respublikası ilə Gürcüstan arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə sənədin əhəmiyyətinin olduqca böyük olduğunu bildirib.
“Öhdəliklərə gəlincə, əsas odur ki, strateji tərəfdaşlıq qurulub və bu strateji tərəfdaşlıq həm Gürcüstan, həm də Çin üçün qarşılıqlı maraqlı, qarşılıqlı faydalı olacaq”-deyə Kobaxidze qeyd edib.