İrakli Kobaxidze - birbaşa məqsədi Gürcüstanda inqilaba hazırlıq olan təlimi USAİD-in niyə maliyyələşdirdiyi barədə izahata ehtiyacımız olacaq
İrakli Kobaxidze - birbaşa məqsədi Gürcüstanda inqilaba hazırlıq olan təlimi USAİD-in niyə maliyyələşdirdiyi barədə izahata ehtiyacımız olacaq

 
Biz ölkəmizdə sülhün, əmin-amanlığın qayğısına qalacağıq. Təbii ki, biz bu ölkədə heç kimə iğtişaşlar salmağa icazə verməyəcəyik. Biz nə inqilaba, nə də ikinci cəbhəyə imkan verməyəcəyik – bu barədə “Gürcü Arzusu” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqlə və dərc olunmuş materialla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, “Kanvas” təşkilatının nümayəndələri səfərin əsl məqsədini gizlətməyə çalışıblar. Hərçənd, Kobaxidzenin təbirincə, onların məqsədinin Gürcüstanda inqilabi prosesləri hazırlamaq olduğu məlum olub.

“Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqini izlədim. Xatırlayırsınız ki, əvvəlcə bu insanlar səfərlərinin əsl məqsədini gizlətməyə çalışırdılar. Onlar guya mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər , təlimlər keçirəcəkləri haqda danışırdılar, lakin məlum oldu ki, onların əsl məqsədi ölkəmizdə təbii olaraq narahatlıq doğuran inqilabi prosesləri hazırlamaq və planlaşdırmaq olub. Daha çox narahatlıq doğuran məqam odur ki, məlum oldu ki, bütün bunlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir, USAID tərəfindən, yəni abbreviaturanın hərfi tərcüməsi Amerika yardımıdır və məncə, bu, Amerikanın yardımı deyil. Birbaşa məqsədi Gürcüstanda inqilaba hazırlıq olan belə bir təlimin nə üçün USAİD tərəfindən maliyyələşdirilməsi ilə bağlı izahata ehtiyacımız olacaq” – İrakli Kobaxidze bildirib.

O qeyd edib ki, bundan əvvəl bir çox başqa fəaliyyətlər olub, məsələn, Akermanın treninqləri və Franklinin klubu.

“Yadınızdadır mı, əvvəlcə Akerman təlimləri, sonra Franklin klubu, bir sıra tədbirlər, ekstremist qüvvələrin müxtəlif fəaliyyətləri var idi. İndi biz inqilabi proseslərin birbaşa müzakirə olunduğu bu tip təlimləri görürük. Haqlı olaraq qeyd olunub ki, bu təlimlərin adı “Qeyri-zorakı fəaliyyət”dir, amma əslində gördüyünüz üzrə, inqilab təşkil etmək üçün istifadə edilməli olan birbaşa zorakılıq üsullarından danışırlar. Ssenari, xaos, inqilab və bizim hamımızın bildiyimiz son məqsəd Ukraynada müharibənin başladığı 2022-ci ildən bəri nail ola bilmədikləri ikinci cəbhədir. Lakin görünən odur ki, bu məqsəd hələ də səngiməyib, aktuallığı qorunub saxlanılıb. Ona görə də belə proseslərin planlaşdırıldığını görürük. Yenə də ən təəssüf doğurucu məqam odur ki, bütün bunların arxasında USAİD-in maliyyəsi dayanır. Bununla bağlı dost dövlətdən izahat dinləməli olacağıq. İnqilabi proseslərə gəlincə, birmənalı şəkildə demək olar ki, dövlət buna imkan verməyəcək. Gürcüstan suveren, müstəqil dövlətdir. Biz ölkəmizdə sülhün, əmin-amanlığın qayğısına qalacağıq. Təbii ki, biz bu ölkədə heç kimə iğtişaşlar salmağa icazə verməyəcəyik. Biz nə inqilaba, nə də ikinci cəbhəyə imkan verməyəcəyik”- deyə İrakli Kobaxidze bildirib.