Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, söhbətin əsas mövzuları iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.
Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət yetirilib. Orta dəhlizin, o cümlədən yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib. Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər.
Regionda sabitliyin və sülhün bərqərar olmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb. Baş nazir Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
“İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib”, – məlumatda deyilir.