Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb.
Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda islahatların həyata keçirilməsi prosesinə mühüm töhfə verən ölkə ilə Avropa Şurası arasında məhsuldar əməkdaşlığa toxunulub.
Həmçinin, tərəflər Avropanın təhlükəsizliyinin qarşısında duran çağırışları və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə ediblər. Münaqişənin sülh yolu ilə həlli və etimadın bərpası prosesində, o cümlədən humanitar layihələr və dialoq mexanizmləri vasitəsilə Avropa Şurasının roluna diqqət yönəldilib. Həmçinin, Avropa Şurasının baş katibinin birləşmiş hesabatının və Nazirlər Komitəsinin illik qərarlarının xüsusi əhəmiyyəti qeyd olunub.
Baş nazir Avropa Şurası ilə əməkdaşlığı daha da dərinləşdirməyə dair hazırlıq ifadə edib və Avropa qitəsində demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin möhkəmləndirilməsi prosesində təşkilatın mühüm rolunu vurğulayıb.