Baş nazir çox maraqlı hesabat təqdim edib. Vacib təşəbbüslər və yeni proqramlarla məhsuldar 2022-ci ili keçirdik-bu barədə Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze Gürcüstanın Baş nazirinin 2022-ci il üzrə hesabatını təqdim etdikdən sonra jurnalistlərə danışarkən açıqlayıb.
Nazir qeyd edib ki, 2022-ci ildə nazirliyin büdcəsi tarixi maksimum həddə olub və bu, artıqlaması ilə həyata keçirilib.
“1200 şirkət və 25 min nəfərin iştirakı ilə 5500 layihə həyata keçirilib. Bu rəqəmlər bu il infrastruktur layihələri istiqamətində nələrin baş verdiyini göstərir. Şərq-Qərb magistralının 118 km-də tikinti işləri gedirdi, onun 40 km-i asfaltlanıb, 15 km-i isə artıq nəqliyyatın hərəkəti üçün açılıb” – deyə İrakli Karseladze açıqlayıb.
Nazirin qeyd etdiyi kimi, 2023-cü ildə Şərq-Qərb magistral yolunun müəyyən hissələrində, o cümlədən Rikoti dağ keçidi və Samtredia-Qriqoleti hissələrində avtomobillərin hərəkəti mərhələli şəkildə açılacaq.
İrakli Karseladze Kveşeti-Kobi tarixi layihəsi üzrə də vacib irəliləyiş əldə olunduğunu və 9 km uzunluğunda tunelin çəkilməsi işlərinin 4,5 km dərinlikdə artıq aparıldığını bildirib. Ümumilikdə respublika miqyasında 2000 km yol bərpa edilib.
Nazir su təchizatı istiqamətində əldə olunan uğurlardan da danışıb və qeyd edib ki, 2022-ci ildə 200-dən çox məntəqədə layihələr həyata keçirilir. 38 məntəqədə işlər başa çatdırılıb, nəticədə 140 min nəfərin su təchizatı yaxşılaşdırılıb. İrakli Karseladze su təchizatının rekord büdcəsinin hökumətin elan etdiyi prioritetləri yerinə yetirmək üçün istifadə olunacağını və 2025-ci ilin sonuna qədər bütün şəhərlərin 24 saat su təchizatı ilə təmin olunacağını bildirib.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidməti yayır.