İrakli Çikovani - Bundestaqda keçirilən görüşlərdə Gürcüstanın strateji məqsədlərinə çatmaq baxımından Almaniyanın siyasi dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb
Parlamentin “Gürcü Arzusu” fraksiyasının sədr müavini İrakli Çikovani sosial şəbəkədə Almaniyaya səfər çərçivəsində keçirilən görüşlərə münasibət bildirib.
Çikovaninin qeyd etdiyi üzrə, Almaniyanın Sosial Demokrat Partiyasının həmsədri ilə “Gürcü Arzusu”nun nümayəndə heyəti arasında söhbətdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesində Almaniyanın rolu və dəstəyinə toxunulub.
“Almaniyanın Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbaylla “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze ilə birlikdə görüşdük.
Görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası və qarşılıqlı əməkdaşlığın dərinləşməsi prosesində Almaniyanın rolu və dəstəyindən danışdıq. Ev sahibi tərəfindən Almaniyanın Avropa strukturlarına inteqrasiyamızı dəstəklədiyi və bu yolda uğur qazanmaq üçün maksimumun ediləcəyi qeyd olundu”- deyə Çikovani yazır.
O, Gürcüstan nümayəndə heyətinin Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Bundestaqda işgüzar görüşlər keçirdiyini qeyd edib.
“Görüşlərdə Avropa Şurasının Gürcüstana Avropa perspektivi vermək qərarına, Gürcüstan-Aİ əməkdaşlıq gündəliyinin aktual məsələlərinə, ölkənin Avropa İttifaqına gələcək inteqrasiyasının vacibliyinə xüsusi diqqət yetirilib.
Avropa Komissiyasının 12 tövsiyəsinin icrası istiqamətində əldə olunan irəliləyişlərə toxunulub və Gürcüstanın strateji məqsədlərinə nail olunması baxımından Almaniyanın siyasi dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşlərdə təbii ki, diqqət Gürcüstanın işğal olunmuş bölgələrində humanitar və insan hüquqlarının mövcud vəziyyətinə yönəldilib”- deyə İrakli Çikovani yazır.