İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında İqtisadi Şuranın iclası keçirilib.

İclas iştirakçıları cari iqtisadi layihələrə və gələcək planlara nəzər salıblar.

İqtisadi artımın müsbət göstəriciləri müzakirə edilib. İclas iştirakçılarının qeyd etdiyi kimi, mövcud çağırışlara baxmayaraq, Gürcüstan iqtisadiyyatı sabitliyi qoruyub saxlayır və 2023-cü ilin aprel ayında 7,5% iqtisadi artım qeydə alınıb, bu ilin yanvar-aprel aylarında isə iqtisadi artımın orta tempi 7,3 faiz təşkil edib. Aprel ayında ixracın həcmi 20,4% artıb, 2023-cü ilin birinci rübündə isə turizmdən gələn gəlirlərin artımı 100%-i ötüb.

İclasda yoxsulluğun və işsizliyin tarixi minimum həddə olduğu qeyd edilib.

Söhbət zamanı inflyasiyanın azalmasının müsbət tendensiyalarına toxunulub. Qeyd olunub ki, regionda və dünyada mövcud olan çağırışlar fonunda 2023-cü ilin may ayında illik inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə 1,2 faiz bəndi azalaraq 1,5 faiz təşkil edib ki, bu da inflyasiya təzyiqinin əhəmiyyətli dərəcədə azaldığını göstərir. Qeyd olunub ki, 2022-ci ilin may ayından sonra Gürcüstanda inflyasiyanın azalması tendensiyası müşahidə olunub və inflyasiyanın səviyyəsi Milli Bankın müəyyən etdiyi hədəfdən – 3%-dən aşağı düşüb.

Həmçinin, qeyd olunub ki, 2023-cü ilin birinci rübündə biznes sektorunda istər dövriyyə və məhsul buraxılışı, istərsə də işlə təminat istiqamətində müsbət tendensiyalar davam edib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.