Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda Nazirlər Kabinetinin üzvlərinin gündəliyə daxil olan 12 məsələni müzakirə etdikləri deyilir.
Verilmiş məlumatda müzakirə olunan məsələlər arasında Gürcüstanın “Dərman və əczaçılıq fəaliyyəti haqqında qanuna dəyişikliklər edilməsi haqqında” və “Dövlət satınalmaları haqqında Gürcüstan qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihələri olduğu deyilir.
“Dəyişikliklərə əsasən, dövlət innovativ əczaçılıq məhsullarını xüsusi şərtlərlə, istehsalçı və ya ticarət lisenziyasının sahibi ilə birbaşa danışıqlar yolu ilə ala biləcək.
Əhalinin innovativ dərman vasitələrinə əlçatanlığını yaxşılaşdırmaq məqsədilə xüsusi şərtlərlə dərman vasitələrinin alınması dərman vasitələrinin xüsusi (güzəştli) qiymətlə alınmasını nəzərdə tutan İdarə olunan Giriş Müqaviləsi (Managed Entry Agreement) mexanizmindən istifadə etməklə həyata keçiriləcək.
İclasda qeyd olunub ki, qanun layihəsinin qəbulu innovativ orijinal əczaçılıq məhsullarının istifadəçilərinə müsbət təsir göstərəcək, innovativ dərman vasitələrinə əlçatanlığı artıracaq, dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyi yaxşılaşacaq. Buradaca vurğulanıb ki, nəticədə müalicə kursu nəzərə alınmaqla daha çox pasiyentin müalicəsinin maliyyələşdirilməsi mümkün olacaq və ya maliyyələşdirilən dərman vasitələrinin sayı artacaq.
İdarə olunan Giriş Müqaviləsi (MEA) dünyada yayılmış təcrübədir, o cümlədən bu mexanizm Avropa İttifaqının demək olar ki, bütün üzv dövlətləri tərəfindən istifadə olunur” -deyə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.