İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət bugünkü iclasda 17 məsələni müzakirə edib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət bugünkü iclasda 17 məsələni müzakirə edib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 17 məsələni müzakirə ediblər.

Hökumət üzvləri “Xudon” SES-in alınması məsələsini müzakirə ediblər, bunun əsasında da SES-in dövlətə verilməsi ilə bağlı razılaşma əldə olunub.

Müzakirə olunan məsələlər arasında Gürcüstanın “Elektron ticarət haqqında” qanun layihəsi və ondan irəli gələn elektron ticarətlə bağlı hüquqi münasibətləri tənzimləyən qanun layihələri olub. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə irəli sürülən yeni qanun digər mühüm məsələlərlə yanaşı, elektron ticarət prosesində xidmət alanın hüquqlarının müdafiəsini və xidmət təminatçısının minimum məlumat vermək öhdəliyini təmin etməlidir ki, bu da xidmət təminatçılarına inamı artıracaq və xidmətdən yararlananlar üçün riskləri azaldacaq.

Qanun layihəsinin hazırlanması Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət məkanı haqqında sazişdə aralıq xidmət təminatçılarının hüquq və vəzifələrinin Gürcüstan qanunvericiliyində əks etdirilməsi istiqamətində götürülmüş öhdəliklə şərtlənir. Layihə USAID-in texniki yardımı çərçivəsində hazırlanıb.

Hökumət üzvlərinin müzakirə etdiyi digər məsələ Gürcüstan hökumətinin qətnamə layihəsinin – “2023-2026-cı illər üçün Dövlət Gənclər Strategiyası”nın təsdiqi olub. Mədəniyyət, İdman və Gənclər Nazirliyinin koordinasiyası ilə yaradılmış sözügedən strategiya gənclər sahəsində ilk strategiyadır və Gürcüstan hökumətinin bu istiqamətdə əsas rəhbər sənədi olacaq.

Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin Gürcüstanda külək, günəş və su elektrik stansiyalarının inkişafı ilə bağlı bir neçə fərman layihəsi də var. Qeyd olunan layihələrin quraşdırılmış gücü 295 meqavatdan çoxdur.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.