İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının iclası keçirilib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının 65-ci iclası keçirilib.

İclasda komissiya üzvləri gündəlikdəki iki məsələni ümumiləşdiriblər: Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə 2022-ci il üçün milli fəaliyyət planının hesabatı və Avropa Şurasının 12 tövsiyəsinin icrası baxımından mövcud vəziyyət.

Həmçinin Gürcüstan-Aİ əməkdaşlığının vacib məsələləri müzakirə edilib.

Assosiasiya Sazişində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar dinlənilib.

Komissiya Gürcüstan tərəfindən həm sektoral, həm də qanunvericilik istiqamətlərində Assosiasiya Sazişinin icrası prosesinə yüksək qiymət verib.

Komissiya üzvləri, həmçinin Avropa İttifaqı ilə azad ticarət haqqında sazişin icrasının gedişatı barədə məlumatları dinləyib və Gürcüstanın sazişin imkanlarından tam istifadə etmək səylərini müsbət qiymətləndiriblər.

İclasda Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi baxımından həm tövsiyələrin icrası prosesinin gedişatı , həm də qanunvericilik səviyyəsində artıq həyata keçirilən və planlaşdırılan dəyişikliklər baxımından Gürcüstan Parlamentinin göstərdiyi səylər barədə məlumat verilib.

Baş nazir Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi prosesində aktiv iştirakına və səmərəli fəaliyyətinə görə bütün iştirakçı qurumlara təşəkkür edib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.