İrakli Ğaribaşvili - yüksək dağlıq yaşayış məntəqələrini dəstəkləmək üçün üç il ərzində 968,5 milyon lari həcmində layihələr həyata keçiriləcək
İrakli Ğaribaşvili - yüksək dağlıq yaşayış məntəqələrini dəstəkləmək üçün üç il ərzində 968,5 milyon lari həcmində layihələr həyata keçiriləcək

 
Bu gün Hökumət Administrasiyasında baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə keçirilən Dağın İnkişafı üzrə Milli Şuranın iclasında yüksək dağlıq yaşayış məntəqələrinin inkişafının 2021-2023-cü illər üzrə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər müzakirə edilib.

Fəaliyyət planına əsasən, yüksək dağlıq yaşayış məntəqələrinə həm infrastruktur, həm də sosial dəstək məqsədilə üç il ərzində 968,5 milyon lari dəyərində layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, bu da əvvəlki dövrün analoji göstəricisi ilə müqayisədə 29 faiz çoxdur.

Şuranın iclasında “Yüksək dağlıq bölgələrin inkişafı haqqında” Gürcüstan qanunu ilə müəyyən edilmiş sosial güzəştlərdən istifadəyə dair 2021-ci ilin hesabatı baş nazirə təqdim olunub; Həmçinin, Regional İnkişaf və İnfrastruktur və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirlərinin əsas məruzəçilər olaraq məruzə etdikləri 2021-ci il üçün Yüksək Dağlıq Yaşayış Məntəqlərinin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihə və proqramların icrası haqqında hesabat da təqdim edilib. Qeyd edilib ki, yüksək dağlıq yaşayış məntəqələrində kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilmiş layihələr üçün fonddan 3 milyon lariyədək xərclənib, bu vəsaitlə emal müəssisələrinin, kənd təsərrüfatı kooperativlərinin yaradılması, eləcə də yeni bağların salınması maliyyələşdirilib.

1801 yaşayış məntəqəsinə yüksək dağlıq yaşayış məntəqəsi statusu verilib ki, bu da Gürcüstanın ümumi yaşayış məntəqələrinin təxminən 49%-ni təşkil edir. Aprel ayının göstəricilərinə əsasən , təxminən 262 min insan və 497 müəssisə dağlıq qəsəbə statusundan istifadə edir; Son 6 il ərzində yüksək dağlıq yaşayış məntəqələrinin dəstəklənməsi üçün təxminən 1,16 milyard lari ayrılıb; Bu vəsaitdən təxminən 402,7 mln. lari qanunla nəzərdə tutulmuş sosial müavinətlərə, o cümlədən maaş əlavələri, pensiyalar, sosial müavinətlər, həkimlərin, tibb bacılarının, müəllimlərin, müxtəlif idman növləri üzrə məşqçilərin maaşlarına və bir çox digər sahələrə , eləcə də istehlak olunan enerjinin 50%-nin müştərək maliyyələşdirilməsinə xərclənib. Qeyd olunub ki, 2021-ci ildə sosial müavinətlərə təxminən 96,5 milyon lari xərclənib ki, bu da 2020-ci illə müqayisədə bu istiqamətdə xərclənmiş vəsaitdən 19% çoxdur.

Şura “Yüksək Dağlıq Yaşayış Məntəqlərinin İnkişafı Fondu üçün nəzərdə tutulmuş məbləğdən vəsaitin ayrılması haqqında” sərəncam layihəsini müzakirə edib. Layihəyə əsasən, 2022-ci ildə Yüksək Dağlıq Yaşayış Məntəqlərinin İnkişafı Fondunun vəsaiti bölünəcək.
Plana əsasən, 2022-ci ildə müvafiq infrastruktur və kənd təsərrüfatı layihələrinə 20 milyon lari, yüksək dağlıq yaşayış məntəqələrində aqrosığorta , “Gələcəyi Qur”, emal və saxlama  müəssisələri proqramı kimi kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə 5 milyon lari ayrılıb.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.