İrakli Ğaribaşvili Ursula fon der Laiyenlə görüşüb
İrakli Ğaribaşvili Ursula fon der Laiyenlə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Praqada Avropa Siyasi Birliyinin birinci zirvə görüşü çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen ilə görüşüb.

Görüş zamanı baş nazir Gürcüstana Avropa perspektivinin verilməsilə qəbul edilən tarixi qərardan danışıb və qeyd edib ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq yolunda növbəti addımı atmaq və Aİ üzvlüyünə namizəd ölkə statusunu almaq üçün hər şeyi edir.

Bu məqsədlə Gürcüstan Avropa Komissiyasının müəyyən etdiyi 12 prioriteti dərhal həyata keçirməyə başlayıb. Baş nazir vurğulayıb ki, inklüziv proses hökumətin bütün qollarına, eləcə də müxalifət partiyalarına və vətəndaş cəmiyyətinə prioritetlərin həyata keçirilməsi üçün yaradılan işçi qruplarında tam şəkildə iştirak etməyə imkan verir.

Rusiyanın Ukraynaya təcavüzü və onun Gürcüstana, regiona və ümumən dünyaya təsirinə toxunulub. Baş nazir Avropa İttifaqının Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə və Gürcüstanın bu işə töhfə verməyə hazır olmasına xüsusi diqqət yetirib.

Görüş zamanı tərəflər Gürcüstan və Avropa İttifaqı arasında nəqliyyat, enerji və rəqəmsal sahələrdə gələcək yaxınlaşma və infrastruktur kommunikasiyalarından danışıblar. Qara dənizdə nəqliyyat infrastrukturu Avropa İttifaqının nəqliyyat və enerji siyasətində mühüm yer tutur və Avropa İttifaqı ilə Gürcüstan bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirəcək.

Baş nazir Avropa Komissiyasının prezidentini onun üçün əlverişli vaxtda Gürcüstana dəvət edib.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.