İrakli Ğaribaşvili Türkiyə Respublikasının Daxili İşlər naziri ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkiyə Respublikasının Daxili İşlər naziri, Süleyman Soylu ilə görüşdü.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq və partnyorluq münasibətləri müzakirə olundu.
Qeyd olundu ki, müstəqillik qazandıqdan sonra Türkiyə Gürcüstanın ən etibarlı dostlarından biri olub, Gürcüstan ilə Türkiyə Respublikası arasında strateji partnyorluq yüksək səviyyədədir və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir. Görüşdə Gürcüstan və Türkiyə Respublikasının hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri vurğulandı.
Söhbətdə Ukraynada davam edən hərbi əməliyyatların Cənubi Qafqaz bölgəsində təhlükəsizlik vəziyyətinə təsirinə də toxunuldu və bölgədə sülh və sabitliyin dəstəklənməsinin vacibliyi xüsusilə qeyd olundu. Bu isə, hökumət başçısının dediyinə görə, bölgədə inkişaf və tərəqqi üçün əsas önşərtdir. Baş nazirin Cənubi Qafqaz bölgəsində hər üç ölkənin iştirakını nəzərdə tutan “Sülhsevər Qonşuluq Təşəbbüsü” məhz elə bu məqsədə xidmət edir.
Baş nazir Türkiyə Respublikasının Daxili İşlər nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik strukturlarına cəhdlərinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirdi. Süleyman Soylu Türkiyə Respublikasının Prezidenti, Rəcəb Tayyib Ərdoğanın İrakli Ğaribaşviliyə səmimi salamlarını çatdırdı. Hökumət administrasiyasında keçirilən görüşdə Türkiyə Respublikasının Gürcüstandakı səfiri, Fatma Ceren Yazqan və Gürcüstanın Daxiliİşlər naziri, Vaxtanq Qomelauri iştirak edirdilər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.