İrakli Ğaribaşvili Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri ilə görüşüb
İrakli Ğaribaşvili Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Gürcüstan arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq müzakirə olunub. Qeyd olunub ki, bu il Gürcüstanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasından 30 il keçir və yubiley tarixi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

” İqtisadi əməkdaşlıqdan danışılıb. Türkiyənin Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olaraq qaldığı qeyd olunub. Mövcud regional layihələrin Gürcüstan və Türkiyə arasında səmərəli strateji əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb.

Gürcüstanın baş naziri və Türkiyə Böyük Millət Məclisinin sədri regional əməkdaşlıq məsələlərini, həmçinin baş nazirin mühüm dialoq platforması olacaq və regional münasibətlərin normallaşmasına töhfə verəcək “Sülh Qonşuluq Təşəbbüsü”-nü müzakirə ediblər.

Görüşdə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar qarşılıqlı hazırlıq ifadə olunub və yüksək səviyyəli səfərlərin pozitiv dinamikasının alqışlandığı qeyd edilib” – deyə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Onların verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyə Respublikasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib.