Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Cenevrə Beynəlxalq Danışıqlarının həmsədri, Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Baş nazirin Mətbuat Xidmətinin məlumatına görə, hökumət başçısı Aİ-nin xüsusi nümayəndəsinə münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib və Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.
Görüşdə tərəflər Ukraynada davam edən müharibə fonunda regiondakı təhlükəsizlik mühiti və çağırışları müzakirə ediblər. İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan beynəlxalq ictimaiyyətin yanında möhkəm dayanır, Ukraynaya həm ikitərəfli, həm də çoxtərəfli formatda siyasi və praktiki dəstək verməkdə davam edir. Gürcüstan hökuməti Ukraynaya müharibə başlayan gündən etibarən mühüm humanitar yardım göstərir, artıq 500 tondan çox humanitar yardım göndərilib və bu proses davam edir , Gürcüstana gələn Ukrayna vətəndaşları bütün aidiyyatı qurumlardan maksimal dəstək görüblər. Söhbət zamanı Gürcüstan hökumətinin fəal şəkildə üzərində işlədiyi de-okupasiya və münaqişənin sülh yolu ilə həlli üzrə hərtərəfli dövlət strategiyasına toxunulub.
Qeyd olunub ki, strategiyanın sonradan həyata keçirilməsi prosesində Aİ-nin dəstəyi və iştirakı həlledici əhəmiyyət kəsb edir. Cenevrə Beynəlxalq Danışıqları formatında effektiv, nəzərəçarpacaq nəticələrin əldə edilməsinin əhəmiyyəti və Qalinin İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizmi üzrə görüşlərin yenilənməsinin zəruriliyi vurğulanıb. Görüşdə Hökumət Administrasiyasının rəhbəri vəzifəsini icra edən Revaz Cavelidze iştirak edib.
Məlumatı Baş nazirin Mətbuat Xidməti yayır.