İrakli Ğaribaşvili Toivo Klaarla Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda Böhran Məsələləri üzrə xüsusi nümayəndəsi, Cenevrə Beynəlxalq Danışıqlarının həmsədri Toivo Klaar, BMT və ATƏT-in Cenevrə Beynəlxalq Danışıqlarındakı nümayəndələri ilə görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti müzakirə edib. Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.
Verilən məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə münaqişələrin sülh yolu ilə həllinin vacibliyinin qeyd olunduğu deyilir. Bu kontekstdə Cenevrə Beynəlxalq Danışıqları formatında effektiv, nəzərəçarpacaq nəticələrin əldə edilməsinin vacibliyi, həmçinin Qalinin İnsidentlərinin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi ilə bağlı görüşlərin yenilənməsinin vacibliyi vurğulanıb.
İrakli Ğaribaşvili münaqişənin sülh yolu ilə həlli prosesində göstərdiyi şəxsi səylərə görə Toivo Klaara təşəkkür edib və Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.
Hökumət Administrasiyasının məlumatına əsasən Toivo Klaar, BMT və ATƏT-in Cenevrə Beynəlxalq Danışıqlarındakı nümayəndələri ilə görüşdə regionun və dünyanın təhlükəsizlik mühiti və çağırışlara toxunulub.
“Azərbaycanın hərbi əsirləri azad etməsi və bunun müqabilində Ermənistanın minalanmış ərazilərin mühüm xəritələrini Azərbaycana verməsi ilə nəticələnmiş Gürcüstanın uğurlu vasitəçiliyi bir daha vurğulanıb. Həmçinin Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Baş nazir regionda sülhün və sabitliyin təmin edilməsi üçün qonşu ölkələr arasında vasitəçi rolunu oynamağa yenə də hazır olduğunu bildirib”- deyə məlumatda qeyd olunub.
Görüşdə BMT-nin Cenevrə Beynəlxalq Danışıqlarındakı nümayəndəsi Cihan Sultanoğlu, Cenevrə müzakirələrinin həmmoderatoru və ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin baş siyasi məsul işçisi Ziqfrid Viober və Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.