İrakli Ğaribaşvili TAV Airports-un prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili TAV Airports-un prezidenti ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili TAV Airports-un prezidenti Serkan Kaptanla görüşüb. Baş nazirin mətbuat xidməti tərəfindən yayılan məlumatda tərəflərin mövcud və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdikləri deyilir.

İdarədən verilən məlumatda Gürcüstanda turizmin bərpasının artan dinamikasına və bu istiqamətdə mövcud xidmətlərin təkmilləşdirilməsinin vacibliyinə diqqət yetirildiyi qeyd olunub.

“Pandemiyanın fəaliyyət göstərən şirkətləri bir sıra çətinliklər qarşısında qoyduğu deyilib. Hökumət başçısı TAV-ın mövcud vəziyyəti yaxşılaşdırmaq üçün operativ qərarlarını alqışlayıb və gələcəkdə daha çox yeniliklərin təklif olunacağına ümid etdiyini bildirib.

Görüşdə yeni avia-xəttlərin və yeni marşrutların stimullaşdırılmasının vacib olduğu qeyd edilib. Baş nazir Gürcüstan hökumətinin bu istiqamətdə TAV ilə birgə fəal işləməyə hazır olduğunu bildirib” – deyə baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Görüşdə Gürcüstan tərəfindən vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, TAV Airports-dan isə TAV Airports-un İcraiyyə Komitəsinin sədri (vitse-prezident) Frenk Mereid və TAV Georgia-nın baş direktoru Tea Zakaradze iştirak ediblər.

“TAV Georgia” TAV Airports Holding-in törəmə şirkətidir. Şirkətin Gürcüstana yatırdığı 220 milyon ABŞ dolları sərmayəsi nəticəsində Tbilisi və Batumi beynəlxalq hava limanlarının yeni sərnişin terminalları istifadəyə verilib. 2016-17-ci illərdə qoyulmuş sərmayə nəticəsində Tbilisi Beynəlxalq Hava Limanında mövcud uçuş-enmə zolağı tam bərpa edilib və yeni uçuş terminalı tikilib.