İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığının hökumət üzvləri ilə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığının sərmayələr naziri Xalid Alfail və iqtisadiyyat və planlaşdırma naziri Feysəl Fadil Əl-İbrahim ilə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının konkret məsələlərini müzakirə edib.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, İrakli Ğaribaşvilinin ötən il Səudiyyə Ərəbistanı Krallığına uğurlu səfəri vurğulanıb.
Səudiyyə Ərəbistanı Krallığının hökumət üzvlərinin qeyd etdiyi kimi, baş nazir İrakli Ğaribaşvili və Səudiyyə Ərəbistanının kral taxtının varisi, baş nazir, Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşdən sonra Gürcüstana investisiya qoymaq onlar üçün xüsusi maraq kəsb edir.
Onların fikrincə, iqtisadi baxımdan son vaxtlar əldə olunan irəliləyişlərə görə Gürcüstan Səudiyyə Ərəbistanı Krallığı üçün cəlbedici investisiya təyinatlı ölkələrdən biridir.
Görüşdə həmçinin vurğulanıb ki, Gürcüstan çox mühüm geostrateji mövqeyə malikdir. Tərəflər bu il Tbilisidə iki ölkənin biznes forumunun keçirilməsi barədə razılığa gəliblər. Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının energetika, iqtisadiyyat və investisiya nazirliklərinin əməkdaşlarından Gürcüstanın müxtəlif istiqamətlərdə investisiya imkanlarını öyrənəcək xüsusi komissiyanın yaradılmasına hazır olduqları bildirilib.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.