İrakli Ğaribaşvili - Şəxsi arzularımız nə olursa olsun, hamımızın fikri Gürcüstandan ayrılmazdır, vətənə qeyd-şərtsiz sevgi bizi təkcə bir-birimizlə deyil, həm də ulu əcdadlarımızla, gələcək nəsillərlə birləşdirir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili vətəndaşları yeni 2024-cü il münasibətilə təbrik edir.
İrakli Ğaribaşvili, xalqın və iqtidarın birgə səyi nəticəsində bu gün Gürcüstanın iqtisadi inkişaf və demokratiya baxımından dünyada görkəmli lider olduğunu, Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsinin isə bu proseslərin taclandırılması olduğunu bildirib.
İrakli Ğaribaşvili qarşıdan gələn 2024-cü ili yeni ümidlər, hədəflər və tapşırıqlarla qarşıladıqlarını deyib.
“Əziz həmvətənlər, dostlar, 2023-cü il tezliklə başa çatacaq. Bu, bizim yaxın tariximizdə həqiqətən müstəsna uğur və tərəqqi ili olmuşdur. Dünya üçün belə ağır çağırışlarla dolu bir dövrdə biz sülhü təmin etdik, ölkəmizin inkişafı istiqamətində çox mühüm addımlar atdıq. Xalqımızın və iqtidarımızın birgə səyi nəticəsində bu gün Gürcüstan iqtisadi inkişaf və demokratiya baxımından dünyada görkəmli liderdir. Bu proseslərin taclandırılması, ləyaqət və həqiqətə əsaslanan vahid işimizin ən yaxşı şəkildə tanınması tarixi hadisə – Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi oldu. Əcdadlarımızın böyük irsi ilə dəstəklənən bu nailiyyət ölkəmizin daha yaxşı gələcəyini və azad Avropa xalqları ailəsində layiqli yerini nəinki dönməz şəkildə müəyyənləşdirdi, həm də Avropa İttifaqının özünün yeni konturlarını cızdı. İndi Gürcüstanın öz milli məqsədlərinə nail olmağa heç vaxt olmadığı qədər daha yaxın olduğu bir zamanda, biz 2024-cü ili yeni ümidlər, hədəflər və tapşırıqlarla qarşılayırıq. Bu milli məqsədlərə tezliklə nail olmaq üçün yorulmadan çalışmağa davam etmək istəyi və hazırlığı ilə qarşılayırıq.
Bu gün bayram əhvali-ruhiyyəmizə kölgə salan bir şey varsa, bu, İsrail və Ukraynada davam edən müharibələrdir. Qardaş yəhudi və Ukrayna xalqlarına qarşıdan gələn ildə sülh arzulayıram.
Necə deyərlər, Yeni il gecəsi yeni arzular barədə düşünməyin vaxtıdır. Əminəm ki, böyük-kiçik şəxsi arzumuz nə olursa olsun, qəhrəman əsgərlərimizin, qəhrəman polislərimizin, yanğınsöndürən-xilasedicilərimizin , mehriban həkimlərimiz və tibb işçilərimizin, təhsilin, elmin, mədəniyyətin layiqli nümayəndələrinin, qürur mənbəyi idmançılarımızın, dövlət qulluqçularımızın, veteranlarımızın, fermerlərin və ya inşaatçıların, xaricdə yaşayan əziz həmvətənlərimizin fikirləri Gürcüstandan ayrılmazdır. Vətənimizə olan qeyd-şərtsiz sevgi bizi təkcə bir-birimizlə deyil, həm də ulu əcdadlarımız və gələcək nəsillərlə, abxaz və osetin qardaşlarımızla və bu torpaqda yaşayan bütün insanlarla birləşdirir. Güclü, vahid və inkişaf etmiş Avropa dövlətinin qurulması yenə də bu birliyə əsaslanmalıdır. Bundan irəli gələrək, bu prosesdə sizin hər birinizin rolu əvəzsiz və unikaldır.
Əziz dostlar, sizi qarşıdan gələn 2024-cü il münasibətilə ürəkdən təbrik edirəm. Vətənimizin daha çox inkişaf etməsini, güclənməsini, bütövləşməsini, Sizə və ailələrinizə isə xoşbəxtlik, cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayırıq. Tanrı bizi qorusun” – deyə İrakli Ğaribaşvili Yeni il təbrikində deyib.