İrakli Ğaribaşvili Şarl Mişellə görüşüb

19:08, 15.12.2021

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

Təkbətək görüş zamanı tərəflər Gürcüstan-Avropa İttifaqı münasibətlərinin gündəliyində duran bütün vacib məsələləri müzakirə ediblər. Söhbət zamanı Şərq Tərəfdaşlığı Sammitinin siyasi bəyannaməsində güclü mesajların təsbit edilməsinin və Gürcüstan üçün prioritet məsələlərin əks olunmasının vacibliyinə də toxunulub.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan üçün Aİ-nin vahid bazarına tədricən inteqrasiya, enerji və rəqəmsal əlaqəni gücləndirmək vacibdir.

İrakli Ğaribaşvili Şarl Mişelə Gürcüstanın Avropaya inteqrasiyasını dəstəkləməkdə göstərdiyi şəxsi səylərə görə təşəkkür edib, Avropaya inteqrasiyanın gürcü xalqının böyük əksəriyyətinin seçimi olduğunu və Gürcüstan hökumətinin 2024-cü ildə Aİ-yə tamhüquqlu üzvlük üçün rəsmi müraciət etmək iddialı planının bu məqsədə xidmət etdiyini qeyd edib.

Görüşdə ölkədə aparılan islahatlar və onların davam etdirilməsinin vacibliyinə də toxunulub.

Oxşar