Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən görüşdə tərəflərin Gürcüstanın Avropaya inteqrasiya prosesini və islahatların gündəliyini müzakirə etdikləri deyilir.
Verilmiş məlumatda Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının müsbət tövsiyəsinə diqqət yetirildiyi bildirilir.
Baş nazir Avropa Şurasının Prezidentinə Gürcüstanın Avropaya inteqrasiya yolunda artıq həyata keçirdiyi islahatlar barədə məlumat verib.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi istiqamətində uğurla başlamış prosesi davam etdirir. Hakimiyyətin hər bir islahat üçün konkret baxışı var, müvafiq fəaliyyət planı, icra müddətləri yazılıb və bu prosesdə hakimiyyət Avropa İttifaqının nümayəndələri ilə koordinasiyalı şəkildə işləyir.
Hökumət başçısı bildirib ki, Gürcüstanın əldə etdiyi irəliləyiş Avropa Komissiyası tərəfindən təsdiqlənib və indi ölkəmiz Avropa Şurasının namizəd statusunun verilməsi ilə bağlı müsbət qərarını gözləyir.
İrakli Ğaribaşvili Aİ-nin tövsiyələrinin həyata keçirilməsi prosesində göstərdiyi köməyə və dəstəyə görə Şarl Mişelə təşəkkür edib və Avropa Şurası Prezidentinin Avropaya inteqrasiya yolunda gələcək dəstəyinin vacibliyini vurğulayıb.