İrakli Ğaribaşvili Şarl Mişellə görüşüb
İrakli Ğaribaşvili Şarl Mişellə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi olub. İrakli Ğaribaşvili Gürcüstanın Avropa Komissiyasının 12 prioritetinin yerinə yetirilməsi istiqamətində göstərdiyi səyləri Avropa Şurasının Prezidenti ilə bölüşüb və bu prosesdə hakimiyyətin Avropa İttifaqının təsisatları və üzv dövlətlər, eləcə də Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) ilə daim məsləhətləşmələr apardığını qeyd edib.

Baş nazir ilin sonunda Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

Baş nazir tövsiyələrin əksəriyyətinin yerinə yetirildiyini və əldə olunan irəliləyişlərə müvafiq olaraq, Gürcüstanın ilin sonunda namizəd statusuna layiq olduğunu bildirib.

İrakli Ğaribaşvili qeyd edib ki, Assosiasiya sazişi, Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Məkanı Razılaşması, vizasız səyahət və Avropa perspektivinin verilməsi- bu, Gürcüstanın indiki hakimiyyət şəraitində Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişdir.

Tərəflər Ukraynada davam edən müharibə və onun regionda təhlükəsizlik mühitinə təsirindən danışıblar.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.