Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Salesforce şirkətinin prezidenti Emi Uiver arasında keçirilən görüşdə Gürcüstanda İT və xidmətlərin çatdırılması mərkəzinin açılması imkanları və ölkədə əlverişli investisiya mühiti müzakirə olunan əsas məsələlər olub. Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Onların sözlərinə görə, baş nazirin Davosa səfəri çərçivəsində keçirilən görüşdə Gürcüstandakı əlverişli biznes mühiti və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Hökumət başçısı ölkədəki biznes mühiti ilə tanış olmaq üçün Salesforce şirkətinin baş direktorunu Gürcüstana dəvət edib. Qeyd olunub ki, Gürcüstan bir çox nüfuzlu beynəlxalq analitik təşkilatların reytinqlərində lider mövqe tutur və Gürcüstan hökumətinin düzgün siyasəti nəticəsində postpandemiya dövründə iqtisadiyyat sürətlə bərpa olunmağa başlayıb. Baş nazirin sözlərinə görə, Gürcüstanın Avropa İttifaqı, Çin və regionun digər ölkələri ilə azad ticarət sazişi var ki, bu da Gürcüstana bir çox əsas bazarlara sərbəst çıxış imkanı verir.
Salesforce, müştəri münasibətlərinin idarə edilməsi proqramı üzərində işləyən ən böyük kompüter proqram təminatı şirkətidir. Şirkət ABŞ, Kanada, Fransa, Almaniya, Belçika, Finlandiya, Böyük Britaniya, Braziliya, Meksika, İsrail, Çin, Yaponiya və İtaliyada fəaliyyət göstərir və baş ofisi Kaliforniya, San-Fransiskoda yerləşir.
Ötən il şirkətin gəliri 26 milyard dolları keçib.