İrakli Ğaribaşvili "Ripple" şirkətinin icraçı direktoru ilə görüşüb
İrakli Ğaribaşvili "Ripple" şirkətinin icraçı direktoru ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Davosa səfəri çərçivəsində “Ripple” şirkətinin icraçı direktoru Bred Qarlinqhaus ilə görüşüb.

Baş nazir “Ripple” şirkətinin icraçı direktoruna Gürcüstanda şirkətin xidmət mərkəzini açmağı təklif edərək, ölkədə əlverişli investisiya mühitinin olduğunu və ölkənin strateji yerləşimə malik olduğunu qeyd edib.

Qeyd olunub ki, Avropa İttifaqı ilə bağlanılmış Assosiasiya Sazişi Gürcüstan vətəndaşlarına yeni imkanlar verir və bu yaxınlarda hökumət Aİ-yə üzvlük üçün müraciət edib və Avropa Komissiyasının müvafiq qərarını gözləyir.

Baş nazirin sözlərinə görə, Gürcüstan bazarı rəqəmsal aktivlərin inkişafı baxımından da əlverişlidir və sürətlə inkişaf edir. Qeyd olunub ki, gənc, təcrübəli və rəqabətqabiliyyətli insan kapitalı ilə Gürcüstan maliyyə xidmətləri, texniki və innovativ sənayelər üçün qlobal və regional çoxfunksiyalı haba (mərkəz) çevrilir.

Öz reputasiyası və mehriban biznes mühiti sayəsində isə Gürcüstan bizneslə məşğulluğun asanlığı baxımından qlobal lider ölkəyə çevrilib. Ölkə ABŞ, Sinqapur, Danimarka, Norveç və Böyük Britaniyanın olduğu inkişaf etmiş bazarlarda eyni liqadadır.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan virtual aktivlərin tənzimlənməsi üçün qanunvericilik bazasının ilkin layihəsini hazırlayıb, indiki mərhələdə qanunlayihə müxtəlif maraqlı tərəflərlə müzakirə olunur, bundan sonra da parlamentə təqdim olunacaq və qanunlayihənin hazırlanması prosesi isə ilin sonuna qədər başa çatmalıdır.

Qeyd olunub ki, ölkə blokçeyn texnologiyasından uğurla istifadə edir və Gürcüstan dünyada blokçeyn texnologiyasını ictimai xidmətlərdə, xüsusən də torpaq reyestrinin aparılması prosesində tətbiq edən ilk ölkədir ki, bu da əməliyyat xərclərini təxminən 30% azaltmağa imkan verib.

Həmçinin FTX Crypto Derivatives və Rəqəmsal Bazarlar Assosiasiyasının nümayəndələrinin Gürcüstana səfərinə də toxunulub. Baş nazir qeyd edib ki, FTX-nin Gürcüstanda regional ofisinin təsis edilməsi planlaşdırılır və bununla əlaqədar şirkətlə danışıqlar aparılır. Regional ofisin açılması gələcəyin rəqəmsal maliyyə aktivləri bazarı üçün əlverişli mühit yaradacaq.

“Ripple” bazar kapitallaşması 20 milyard ABŞ dollarını aşan ən böyük Amerika blokçeyn şirkətidir. Şirkət Avropa və Amerikanın aparıcı ölkələrində, o cümlədən ABŞ, Meksika, Böyük Britaniya, Fransa, İrlandiya və İtaliyada fəaliyyət göstərir.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.