Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Gürcüstan və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələr, dünyada və Qafqaz regionunda mövcud təhlükəsizlik mühiti müzakirə olunan əsas məsələlər olub.
Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin vurğulandığı deyilir. Son illərdə iki ölkənin strateji tərəfdaşlığının mühüm nəticələri, yüksək səviyyəli ikitərəfli münasibətlərin siyasi dinamikası, Gürcüstan və Türkiyə Respublikasının regional-geostrateji layihələrdə iştirakı və fəal əməkdaşlığı qeyd edilib.
“Ukraynada davam edən müharibə və nəticədə dünyada və regionda mövcud mürəkkəb təhlükəsizlik vəziyyəti müzakirə olunan məsələlər arasında olub. Regionun gələcək inkişafını və uzunmüddətli rifahını təmin etmək üçün sülh və sabitliyin vacibliyi vurğulanıb. Bu kontekstdə keçən il İrakli Ğaribaşvilinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma qeyd edilib, nəticədə Azərbaycan erməni əsirləri azad edib, Ermənistan isə Azərbaycana mühüm xəritələr verib. Həmçinin, Gürcüstan və Türkiyə Respublikası arasında səmərəli əməkdaşlığın bütün istiqamətlərdə daha da inkişaf etdirilməsinin regionun sabit və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib” – deyə baş nazirin mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd edilib.
Mətbuat xidməti tərəfindən yayılan məlumatda baş nazirin Türkiyə prezidentini Gürcüstana dəvət etdiyi deyilir.